Microsoft Azure API Management (APIM) xidmətinin Classic səviyyələrində boşluğun real hücumlarda istifadə olunduğunu təsdiqləyib. Problem 18 noyabrda aşkarlanıb, icazəsiz giriş isə 19 noyabrda bağlanıb. Hücuma məruz qalanlar arasında Norveçin Equinor və Skagerak Energi şirkətləri, eləcə də başqa ölkələrdən təşkilatlar var. Equinor hücumun dayandırıldığını və məlumatların oğurlandığına dair əlamət olmadığını bildirib.
Boşluq Developer, Basic, Standard və Premium Classic instansiyalarına aiddir. Consumption səviyyəsi və bütün v2 səviyyələri təsirlənməyib. Risk ən çox tövsiyə olunan şəbəkə inteqrasiyası qurulmayan və ya sirləri Azure Key Vault əvəzinə birbaşa APIM-də saxlayan instansiyalarda olub. Belə hallarda kənar şəxs bəzi idarəetmə funksiyalarına çıxıb named values, subscription açarları, OpenID Connect müştəri sirləri və idarəetmə API tokenlərini götürə bilərdi.
Microsoft düzəlişi öz tərəfində tətbiq edib, müştəridən heç nə quraşdırmaq tələb olunmur. Amma əsas məqam başqadır: düzəliş əvvəllər oğurlanmış ola biləcək açarları etibarsız etmir. Norveçin milli təhlükəsizlik xidməti NSM bütün sirləri ələ keçmiş saymağı və dəyişməyi, instansiyanın runtime versiyasının ən azı 0.52.31936 və ya 0.53.31938 olduğunu yoxlamağı tövsiyə edir.
Açarları dəyişərkən ardıcıllıq vacibdir: yeni sirri əvvəlcə onu verən sistemdə yaradın, APIM-də yeniləyin, işlədiyini yoxlayın və yalnız sonra köhnəsini ləğv edin. APIM-də dəyəri dəyişmək köhnə açarı mənbədə avtomatik ləğv etmir. Bununla yanaşı, sizin yaratmadığınız subscription, istifadəçi, policy və ya backend olub-olmadığını yoxlayın və həmin açarlarla əlçatan sistemlərin jurnallarına baxın.
Xidmət buludda və «idarə olunan» olsa da, orada saxlanan sirlərin təhlükəsizliyi yenə sahibinin üzərində qalır. Sirləri ayrıca açar anbarında saxlamaq belə hadisələrdə işi xeyli yüngülləşdirir.
Mənbələr: Help Net Security, Techzine, Microsoft Tech Community








