Elon Musk Twitter əməkdaşlarına müraciətində qeyd edib ki, reklam verənlərin böyük hissəsinin sosial şəb'kədən getməsi və müəyyən həcmdə olan vəsait borcu Twitter-in iflasa uğramasına səbəb ola bilər. İflasdan yan keçmək üçün Musk təkcə şirkət biznesində dəyişikliklər etmək niyyətində deyil. Belə ki, şirkətin vəziyyətinin stabilləşdirilməsi üçün o həmçinin öz vəsaitlərindən də istifadə etməyi hədəfləyib. Qeyd etmək lazımdır ki, Musk bir neçə müddət bundan öncə özünə məxsus olan Tesla səhmlərinin müəyyən hissəsini məhz bu məqsəd üçün satıb. Bununla belə şirkətin yuxar; səviyyəli rəhbərləri Twitter-dən ayrılmağa davam edirlər. Sosial şəbəkənin maliyyə axınının stabilləşməsi üçün hədəflənmiş tədbirlərdən biri də sosial şəbəkə işçilərinin sayını 2 dəfə azaltmaq idi.
Bu həftə Twitter-dən informasiya təhlükəsizliyi üzrə mütəxəssis Lea Kissner, məlumatların təhlükəsizliklərindən cavabdeh olmuş Damien Kieran və bir sıra digər vacib əməkdaşlar ayrılıblar. Bu cür yüksək vəzifəli əməkdaşlar şirkətin heç də yaxşı olmayan vaxtında ayrılırlar. Məlumatda qeyd edilib ki, Twitter həmçinin ciddi maliyyə borcuna da sahibdir. Buna görə də Musk şirkət əməkdaşlarına müraciətində aylıq 8$ qiymətinə satılan Twitter Blue abunəliyinin istifadəçilər arasında tez bir zamanda yayılmasının vacibliyini qeyd edib. Onun fikrincə bu öz növbəsində reklam verənlərdən asılılığı müəyyən səviyyədə aşağı salmağa və abunəliklərdən gələn gəliri 50% yüksəltməyə imkan verəcək.